Gəncədə Qafqazın ən böyük kəsim və dərinin emal kompleksi inşa olunur

21 2017 19:47

Artıq kompleks üçün lazım olan bütün avadanlıqların çox hissəsi xaricdən gətirilib. Gələn ilin ortalarına istifadəyə veriləcək kompleksdə kəsilən heyvan və quş əti daxili bazarla yanaşı, həmçinin xarici bazara da ixrac olunacaq.

İnşasına 2014-cü ildə başlanılan kəsim və dərinin emal kompleksinin ərazisi 3,5 ha sahəni əhatə edir. Layihəyə uyğun olaraq burada 7 növ istehsal sexi olacaq. Bu sexlərdə ümumilikdə gün ərzində 600 baş xırda buynuzlu, 400 baş iri buynuzlu, 25 min baş quş kəsilərək daxili bazarla yanaşı? xarici ölkələrin bazarına da göndəriləcək.

Səbuhi Cahangirov- direktor müavini: “Ərəb Əmirlikləri, Rusiya, İran çoxlu ət alır və ətə tələbat var. Biz bu layihəni planlaşdıranda ətraf qonşuların standartlarını nəzərə almışıq. Hətta onları dəvət etmişik. Rusiya baytarlıq idarəsinin, İran İslam dövlətinin baytarlarlıq idarəsinin nümayəndələri burada olub. O, standartlara uyğun kəsim inşa olunur ki, gələcəkdə istehsal olunan məhsulun 60-65 faizi xarici bazara göndərilsin”.

Kompleksdə qida və qida təhlükəsizliyi standartları nəzərə alınaraq Almaniya, Türkiyə istehsalı olan müasir avadanlıqlar gətirilib. Bütün avadanlıqların quraşdırılması üçün xaricdən mütəxəssislər dəvət olunur. 

Səbuhi Cahangirov- direktor müavini: “Kəsim xətti, toyuq kəsim xətti, artıq 70 faizdən çoxu montaj olunub. Digər avadanlıqlar da buradadır. Bir hissə avadanlıqlar var ki, artıq avanslar ödənilib. Qısa müddətə ilin sonuna kimi hazır olacaq. Biz onların vəsaitini ödəyib gətirməliyik”.

Həmçinin burada heyvanların müvəqqəti saxlanması üçün ferma da inşa olunur.

Səbuhi Cahangirov- direktor müavini: “Qida təhlükəsizliyi və standartlara uyğun olaraq kəsimə gələn heyvanlar 45 gün qarantində saxlanmalıdır. Biz kəsim kompleksin içində laboratoriya qurmuşuq, avadanlıqlar alınıb montaj işi gedir. Kənarda isə 400 baş heyvanın saxlanması üçün fermanın tikintisi həyata keçirilir”.

Bölgə üçün çox böyük strateji əhəmiyyət kəsb edəcək kompleksi mütəxəssislə təmin etmək üçün 8 nəfər xaricə kurs keçməyə göndərilib. Bura istifadəyə verildikdən sonra birinci mərhələdə 120 nəfər daimi işlə təmin olunacaq. Daha sonra isə bu rəqəmin 220 çatdırılması planlaşdırılır.