Gəncədə “Akademik Zərifə Əliyeva – kamillik və müdriklik zirvəsində” mövzusunda elmi-nəzəri konfrans keçirilib

28 2017 12:03

Gəncədə görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Akademik Zərifə Əliyeva – kamillik və müdriklik zirvəsində” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda Gəncə şəhər Səhiyyə İdarəsinin üzvləri və tibb işçiləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Konfransda akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətinə nəzər salınıb. “Akademik Zərifə Əliyevanın elmi irsinin müasir dövrdə tətqiqi və tətbiqi məsələləri”, “Akademik Zərifə Əliyeva – milli oftalmologiyanın banisi”, “İstehsalat travmalarının müalicəsində böyük oftalmoloq alimin yenilikləri” mövzularında çıxışlar dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb. Akademik Zərifə Əliyeva göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir sıra tədqiqatlar aparıb. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-ə yaxın elmi işin, 1 ixtiranın müəllifidir. O, 1981-ci ildə yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Elmi-nəzəri konfransın sonunda işində fərqlənən bir sıra həkim-oftalmoloqa Gəncə şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.