Gəncədən olan əlilə Goranboyda çoxfunksiyalı çarpayı söz verildi

28 2017 16:51

Xüsusi qayğıya ehtiyacı olanlara daim diqqət lazımdır. Bəzən üz tutulan qapılar "bağlı" olanda onlar bu diqqətdən kənarda qalır. Növbəti reportajımızın qəhrəmanının bir neçə ildir çoxfunksiyalı çarpayıya ehtiyacı var, amma əldə edə bilmir. Əlilin bu dərdinə Goranboyda əlac edildi. 

48 yaşlı Həcər Həsənova Gəncə sakinidir. O artıq 3 ildir nadir rast gəlinən amiotrofik skleroz xəstəliyinə tutulub. Dünyada 100 mində bir rast gəlinən ALS xəstəliyi orqanizmdə əzələlərin əriməsinə səbəb olur. ARB televiziyasına müraciət edən yaxınları deyir ki, Həcər Həsənovanın hərəkətləri tamamilə məhdud olduğundan xüsusi funksiyalı çarpayı və əlil arabasına ehtiyacı var. 

Afət Məmmədova- müraciətçi: “Çox yerlərə müraciət etmişdik. Sonra ARB kanalına müraciət etdik. Onlar bizi yönləndirdi - dedilər ki, Goranboyda nazirin qəbulu var. Amma biz Gəncədənik, sağ olsunlar qəbul etdilər. Söz verdilər ki, bu gün çarpayı çatdırılacaq. Onu yerindən qaldırmaq, gəzdirmək olmur”.

Əlil arabasına gəlincə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Həcər Həsənova kimi növbədə olanları gələn ay sevindirəcək. Çünki, may ayında xarici ölkələrdən yeni əlil arabaları gətiriləcək. Qəbul zamanı məlum oldu ki, nazirlik Naxçıvandakı Duz Dağ Fizioterapiya mərkəzinə əlillərin göndərişini də həyata keçirməyi planlaşdırır. 

Ruhəngiz Hacıyeva- müraciətçi: “Bakı, Gəncə kimi şəhər və rayonlarda "sabezdən" Naxçıvana Duz dağına göndəriş istəyəndə deyirlər ki, nazirliyin Naxçıvanın Səhiyyə Nazirliyi ilə ona dair müqaviləsi yoxdur. Duzdağda da adamın birinə 70 manat istəyirlər. Nazirə bu haqda dedim, bildirdi ki, danışıqlar gedir, tezliklə Duzdağa getmək istəyən əlillərə də göndərişlər veriləcək”.

Ruslan Əsgərov- müraciətçi: “Gəncədə ev növbəsində duran 210 nəfər şəhid ailəsi, Qarabağ əlilləri var. Bu gün söz verdilər ki, yaxın vaxtlarda növbədə duranların bir hissəsi mənzillə təmin olunacaq. Qarabağ əlillərinə və şəhid ailələrinə sığorta pulu verilməyib. El arasında buna qan pulu deyilir, indi biz gözləyirik ki, nə vaxta verəcəklər? Söz verdilər ki, ilin sonuna qədər sevindirəcəklər”.

Pensiya təminatı, özünüməşğulluq, əmək münasibətləri və s...- bu kimi məsələlər də Goranboy, Gəncə, Yevlax, Ağdaş, Mingəçevir və Naftalan sakinlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciətləri arasında olub. Onlar səsləndirdikləri məsələlərin həll olunacağına ümid edir. 

ALS xəstəsi Həcər Həsənovaya çoxfunksiyalı çarpayını verilməsi məsələsini nəzarətdə saxlayacağıq. Ümid edirik yaxın günlərdə əlil bu sevincini ARB xəbər tamaşaçıları ilə paylaşacaq.