Şəmkirin istixanalarında məhsul azalıb

29 2017 11:33

Şəmkirdə istixana şəraitində yetişdirilən pomidor və xiyarın yığımına başlayan fermerlər müştəri sarıdan çətinlik çəkməsələr də məhsulun azlığından gileylənirlər. Hava şəraiti və xəstəlikləri yaxşı məhsul götürməyə imkan verməyib. Rayonun Muxtariyyə kəndində 120  hektara yaxın istixanada yetişdirilən tərəvəz əsasən Rusiya bazarlarına göndərilir. Gömrükdə problem yaşamayan fermerlər heç qiymətdən də şikayətçi deyillər. Pomidorun 1 kiloqramının qiyməti 2 manat, 2 manat 50 qəpik arasında dəyişir. Bununla belə əvvəlki illərdə istixananın 1 sotundan ən azı 1 ton məhsul götürən təsərrüfatçılar indi ən yaxşı halda 750 kq pomidor yığa bilirlər.

Əfqan Hüseynov- təsərrüfat sahibi: “Bu il Şəmkir rayonunda bütün istixanalarda “mozayka” adlı bir xəstəlik yayılıb ki, o da məhsuldarlığa təsir göstərib. Normal 50-60 yeşik torpaqdan məhsul götürülürdü. Bu il bunu götürmək çətindir”.

Şəadət Əliyev -təsərrüfat sahibi: “Əvvəllər hər hektardan 180 ton məhsul çıxırdı. Bu il bu məhsul çıxmır. Bu il xəstəliklər çoxdur”.

Ümumilikdə Şəmkir rayonunda 1500 hektar istixana mövcuddur. Ötən il bu istixanalardan 240 min ton  məhsul yığılıb.