Valyutadəyişmə məntəqələri yenidən bərpa olunur: yeni tələblər və yeni formaları ilə

03 2017 13:55

Bir neçə ay bundan öncə valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması vətəndaşlar arasında birmənalı qarşılanmadı, hətta müəyyən çətinliklər də yaşandı. İndi isə bu məntəqələrin fəaliyyətinin yenidən bərpası gündəmdədir. Ancaq yeni tələblər və yeni formaları ilə. Mütəxəssislər bildirir ki, valyutanı ölkəyə cəlb etmək istəyiriksə bank-maliyyə xidməti lazimi səviyyədə göstərilməlidir.

Cari ilin əvvəlində təkcə Gəncə şəhərində 50-yə yaxın valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərib. Hazırda isə bu işi banklar yerinə yetirir. Ancaq bu maliyyə qurumları da şənbə və bazar günləri işləmədiyindən vəziyyət başqa cür dəyişir. Vətəndaşlar hazırda valyutalarını vaxtilə valyuta dəyişmə məntəqələrində çalışan şəxslər vasitəsilə dəyişir. Ancaq bu qara bazarın işinin genişlənməsinə rəvac verir. Əcnəbi qonaqlar üçün isə vəziyyət bir qədər də qəlizləşir. 

Səradəm Mustafayev- bank mütəxəssisi: “Bu gün əgər ölkə turizm ölkəsi olaraq öz gəlirlərini artırmaq və valyutanı ölkəyə cəlb etmək istəyirsə gələn turistlərə, iş adamlarına və tədbir iştirakçılarına öz bank xidmətimizi lazımi səviyyədə göstərməliyik. O cümlədən də valyutanın dəyişməsini hər zaman həmin əcnəbilərin gəlib-getdiyi yerlərdə təşkil etməliyik. Ona görə qərara alındı ki, valyuta dəyişmə məntəqələri yenidən bərpa olunsun. Və sərbəst şəkildə fəaliyyət göstərsinlər”.
 

Milli Məclisə təqdim olunan “Valyuta tənzimi haqqında” qanunda valyuta dəyişmə məntəqələrinin yenidən bərpası nəzərdə tutulur. MM artıq bu təşəbbüsü dəstəkləyərək qanuna edilən dəyişiklikləri qəbul edib. Növbəti mərhələ ölkə rəhbərinin qanuna olan dəyişikliklərin imzalanması prosesidir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin sözlərinə görə, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. 


Tahir Mirkişili- millət vəkili: “Əgər dəyişiklikləri imzalanması prosesi baş verərsə bu zaman qanuna edilən dəyişikliklərə görə valyuta dəyişmə məntəqələrinin yenidən açılması, bunlara olan yeni tələblər, onların yeni formaları, fiziki- hüquqi şəxs formasında valyutadəyişmə məntəqələri açıla biləcəkdir. Valyuta dəyişmə məntəqəsinin açılması üçün müəyyən girov məbləği tələb olunurdu. Ancaq MM tərəfindən edilmiş dəyişikliklərdə konkret belə bir məbləğ yoxdur. Valyuta dəyişmə məntəqələrinin açılması zamanı belə bir məbləğin həddini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq. Bu asılı olacaq bazarın tələbindən, bazarda olan sıxlıqdan, eyni zamanda regional xüsusiyyətlərdən asılı olaraq dəyişəcək. Ancaq konkret məbləğ hələ ki, müəyyən olunmayıb”. 

Qonşu ölkələrdə də valyuta dəıyişmə məntəqələri fəaliyyət göstərir. Dövlət isə həmin obyektlərin işinə təkan verən qərarlar qəbul edir. Mütəxəssislər bildirir ki, bu məntəqələr turist xətti üzərində, konfrans zallarına yaxın olarsa o öz aktuallığını daha çox qoruyar və daha yaxşı xidmət göstərmiş olar. Azərbaycanda bütün valyutadəyişmə məntəqələri Mərkəzi Bankın qərarı ilə 2016-cı ilin yanvarında bağlanıb. Buna səbəb kimi, valyutadəyişmə məntəqələrinin 4 faizlik marjaya əməl etməməsi göstərilib. Sonradan Mərkəzi Bankın özü 4 faizlik marjanı ləğv edib.