Şəmkirdə suvarma suyuna olan ehtiyac tam ödənilir

03 2017 16:44

Çörəyi torpaqdan çıxan fermerlərin suvarma suyuna olan ehtiyacının ödənilməsi vacib şərtlərdəndir. Əhalisinin əsas məşğuliyyətini əkinçilik təşkil edən Şəmkirdə əvvəlki illərlə müqayisədə bu mövsüm sahələrin suvarması tam təmin edilir.  Bu səbəbdən də illərlə şumlanmayan sahələr cari ildən əkin dövriyyəsinə buraxılıb.


İntizam Məmmədov- fermer: “Əvvəllər bir dəfə taxıl əkirdik. O da su olmadığından yanırdı. Ancaq indi 3 il vəziyyət yaxşıdır. Su olduğundan  taxılda qağıdalıda kartofda boldur. Hər şey əkirik”.


Şəmkir rayonunun Abbaslı kəndində İntizam Məmmədov kimi əkinçiliklə məşğul olan yüzlərlə sakin var. Onlar da illər əvvəl su olmadığından əsas gəlir mənbəyindən uzaq düşmüşdülər. Ancaq Şəmkirçay Dəryaçasının inşası ilə bütün çətinliklər arxada qalıb və hamı məhsul bolluğundan ağız dolusu danışır.


Fərman Ələsov- fermer: “Həmişə biz müəyyən layihələrdə su məsələsinə toxunurduq. Ancaq indi bu kanalın çəkilişindən sonra hər şey öz qaydasında gedir. Su olduğu qədər boldur. Ona görə də biz bundan ruhlanaraq başlamaşıq tərəvəz taxıl və sairə məhsullar əkməyə”.


Şəmkir rayonunda ümumilikdə 38 min 497 hektar suvarılan torpaq sahəsi var. Bu sahələrin norma ilə su ilə təchiz etmək üçün əsas mənbə Şəmkirçay Dəryaçası olsa da Şəmkir Maşın Kanalı, Zəyəm çayı, eləcə də Suvarma Sistemləri İdarəsinin balansında olan 17 nasos stansiyasının da müstəsna rolu var. Mövsümə hazırlıq çərçivəsində kanallarda lildən təmizlənmə və sahilbərkitmə işləri aparılıb.


Mürbəşir Ələsgərov- Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: “Kəndlərin əksəriyyətində bu günləri vəziyyət yaxşıdır. Məsələn, bu günləri sağ sahildə yerləşən Könüllü, Qaralar, Aşağı və Yuxarı Seyfəli, Çinarlı qəsəbəsi, Düz Qışlaq, Təzəkənd və Keçili kəndləri, eləcə də Şəmkir şəhərində suvarılan sahələr tam su ilə təmin olunurlar”.


Şəmkirdə daha 18 min 112 hektar sahənin suvarılmasını isə 774 subartezian quyusu vasitəsi ilə Şəmkir Subartezian Quyularının İstismarı İdarəsi həyata keçirir. Ötən il ölkə prezidentinin sərəncamı ilə rayonda 16 subartezian quyusu qazılıb. Tədbirlər planına əsasən quyularda cari və əsaslı təmir işləri aparılıb.


İsmayıl Sarıyev- Şəmkir Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi: “15 ədəd də bu il qazılıb. Yaxın günlərdə əhalinin istifadəsinə veriləcək. Bundan həm suvarma və içməli su kimi istifadə olunacaq.


Aqrar sektorda suya olan ehtiyacın ödənilməsi məhsuldarlıqda da mühüm olan şərtdir”.