GDU-da "Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir

04 2017 15:54

Gəncə növbəti dəfə beynəlxalq konfransa ev sahibliyi edir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan elmi-pratik konfransda "Müasir təbiət elmlərinin aktual problemləri” müzakirə olunur. 

"Müasir təbiət elmlərinin aktual problemləri"nə həsr olunan konfransda MDB ölkələri, habelə Fransa, İspaniya, Türkiyə və digər xarici dövlətlərin alimləri iştirak edir. Konfransın plenar iclasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bioloji müxtəliflik və ekoloji stabillik strategiyasından danışılıb. Ekologiya və ətraf mühitin qorunmasının vacibliyinə diqqət çəkilib, bu sahədə elm adamlarının üzərinə düşən vəzifələrdən danışılıb.

Marina Bulanova- Ukrayna Milli Elmlər Akademiyasının professoru: "Bizim Azərbaycanla olan elmi əməkdaşlığımız uzun illərdir ki, mövcuddur. Buna baxmayaraq mən ilk dəfədir ki, bura gəlirəm. Çox məmnunam, ona görə ki, konfransın mövzusu çox maraqlı və aktualdır. Bilirsiz, mən hesab edirəm ki, mövcud problemlərin həlli üçün elmi araşdırmaların və elmi müzakirələrin aparılması mütləqdir. Belə konfranslar da məhz lazımi müzakirələrin aparılmasına imkan yaradır".

Aleksandr Zavrajnov- Voronej Dövlət Universitetinin professoru: "Mən konfransda məruzə ilə çıxış edəcəm. Bərk cisimlərin kimyəvi problemlərini araşdırıram və çıxışım da elə bununla bağlı olacaq. Fikrimcə aktual məsələlərdən biridir. Düşünürəm ki, bu gün də olmasa, bir neçə il sonra, hazırda apardığımız elmi araşdırmaların nəticələrinə ehtiyac yaranacaq".


Elman Hazar- Sakarya Universitetinin professor: "Burada müxtəlif ölkələrin elm adamları iştirak edir. Hər birinin fikri bizim üçün çox önəmlidir. Fikrimcə, bugünkü müzakirələrin yekununda çox gözəl nəticələr əldə edəcəyik və bunlar gələcəkdə aparılacaq elmi araşdırmalar üçün də bir işıq olacaq".

Beynəlxalq konfransda qeyri- üzvi və neft kimyasının, botanikanın, ekologiyanın, mikrobiologiyanın, coğrafiyanın və təbiətin digər sahələrinin aktual problemlərinə həsr olunan məruzələr dinlənilib. Müxtəlif ölkələrdə sadalanan sahələr üzrə mövcud olan problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışlıb.

Nino Maxaroblidze- Telavi Dövlət Universitetinin professoru: "Bizim universitet 10 ildən artıqdır ki, Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq edir. Kimya sahəsi üzrə beynəlxalq məktəb yaratmışıq. Bu gün də bu tədbirdə iştirak edirik və bu konfransın əhəmiyyəti bizim üçün çox böyükdür. Fərqli ölkələrin elm adamları ilə tanış olduq, onların elmi araşdırmaları haqqında məlumat alırıq. Bir sözlə bu konfrans təcrübə mübadiləsinin aparılmasına şərait yaradır və bu çox yaxşı imkandır".


Mehmet Hakkani-  İğdır Universitetinin rektoru: "Bu gün hər kəsi narahat edən əsas məsələlərdən biri ətraf mühitin çirklənməsidir. İçdiyimiz su, yediyimiz qidalar, hətta aldığımız hava belə çirklənmə təhlükəsi ilə qarşı-qarşıyadır. Bunun da əsas səbəbi son dövrlər kimyəvi maddələrin həddindən artıq istifadə olunmasıdır. Biz çalışmalıyıq ki, bunun qarşısını alaq və ekoloji təmiz məhsullar təqdim edək. Belə olan halda ətraf mühitin çirklənməsini də önləyək".


Beynəlxalq elmi-praktik konfrans öz işini sabah da davam etdirəcək. Konfransın yekununda isə xarici qonaqların şəhərlə tanışlığı gözlənilir.