Əyləncə məkanlarında istifadə etdiyiniz attraksionların sazlığına əminsinizmi?

08 2017 12:48

Uşaq, gənc, yaşlı, müxtəlif yaşda olan adrenalin həvəskarının üz tutduğu yerlərdən biri də ekstremal attraksionlardır. Gəncədə də adrenalin yaşamaq istəyənlər üçün belə məkanlar fəaliyyət göstərir. Təhlükəli manevrlər edərək insanları həyəcanlandıran belə qurğuların təhlükəsizliyi isə əsas məsələdir.

Sevil Səmədova- sakin: “Bura çox əyləncəlidir. Biz bura tez-tez gəlirik. Buradakı attraksionlar çox əyləncəlidir, çox həyəcanlıdır”.

Ülvi Məmmədov- sakin: “Çox həyəcanlı yerdir. Xoşumuza gəldiyi üçün hər zaman bura gəlirik. Çox maraqlıdır”.

Bu qurğular həyəcan yaşadıb, əyləncə verdiyi qədər təhlükəyə də səbəb ola bilər. Gündəlik istifadədə olduğunda müəyyən detalların aşınması, nəticədə təmir və ya yenilənməyə gətirib çıxarır ki, bunu da vaxtında aşkarlamaq və aradan qaldırmaq mütləqdir. Burada insan həyatı və sağlığı əsas olduğundan Gəncədəki istirahət məkanları və parklardakı attraksionların istifadəyə yararlılıq vəziyəti ilə maraqlandıq.

Vaqif dayı 3 ildən artıqdır ki, Gəncədə fəaliyyət göstərən attraksionların texniki təhlükəsizliyini həyata keçirir. O bildirir ki, attraksionlar gündəlik texniki baxışdan keçirildikdən sonra istifadəyə verilir.

Vaqif İsgəndərzadə- mexanik: “Hər bir attraksionun özünəməxsus texniki baxışı var. O texniki baxışları vaxtlı- vaxtında yerinə yetiririk. Bu attraksionda təkərlər yoxlanılır, relslər yoxlanılır, birləşmələr yoxlanılır, itələyici təkərlərin təzyiqi, eləcə də qaldırıcı seplərin birləşmələri yoxlanılır. Bütün bu işlər görüldükdən və yoxlanıldıqdan sonra texniki baxışdan çıxmış sayılır və istifadəsinə icazə verilir”.

Bu proses təxmini 2 saat davam edir və texniki yoxlamadan məqbul çıxan qurğular istifadəçilərin ixtiyarına verilir. Şəhərdə müxtəlif təyinatlı olan belə qurğuların yoxlanışı mütəmadi olaraq həyata keçirilir.

Ramil Həsənov- nəzarətçi: “Öz işçilərimiz və texniklər tərəfindən nəzarət olunur. Yoxlanıldıqdan sonra təhlükəsizliyinə təminat veririk. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən də yoxlamalar aparılır. Biz də bu günədək heç bir təhlükəli hal baş verməyib, bundan sonra da çox güman ki, baş verməz”.

Əyləncə üçün belə məkanlara üz tutanlar bəs necə, istifadə etdikləri və ya övladlarının sevincinə səbəb olan attraksionların sazlığına əmindirlərmi?

Qədahət Hacıyeva sakin: “Xidmətdən razıyıq. Ancaq buna baxmayaraq əmin olmalıyıq ki, həqiqətən qurğular vaxtaşırı yoxlanlır. Bu qaydalara riayət olunsa daha yaxşı olar. Vaxtaşırı gəlirik, uşaqların da ən çox sevdiyi yerlərdən biridir”.

Həqiqət Həsənova- sakin: “Əlbəttə saz olsa yaxşıdır. Çünki hamımız etibar edib uşaqlarımızı gətiririk. Bunların da saz olması çox mühümdür”.

Sevinc Hüseynova- menecer: “Ailəvi park olduğundan bura hər yaşda həm uşaqlar, həm də qadın və kişilər gəlir. Və ona görə attraksionların təhlükəsizliyi çox böyük önəm daşıyır. Bütün attraksionlar, istər ekstremal, istərsə də ailəvi və istərsə də uşaq attraksionları, hər biri texniki baxışdan keçirilir və mühəndisin razılığı olduqdan sonra işə verilir. 3 ildir fəaliyyət göstəririk, hələlik heç bir hadisə baş verməyib”.

Havalar isindikcə istirahət parklarına üz tutanların sayının artması oradakı qurğulardan istifadənin çoxalması deməkdir. Əyləncə məqsədi daşıyan müxtəlif attraksionlar, karusellərin insanlara təhlükə, onun sahibinə isə problem yaratmaması üçün texniki sazlığının mütəmadi yoxlanılması da nəzarətdə olmalıdır.