Daşkəsən sakinləri fasiləsiz içməli su ilə təmin ediləcək

12 2017 17:16

Ucqar dağ rayonu olan Daşkəsəndə 2100 abonent avqust ayına kimi fasiləsiz içməli sudan istifadə edə biləcək. Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirdiyi layihə çərçivəsində mənzillərin yararsız çirkab xətləri də tamamilə yenilənib.

2 ilə yaxındır icra edilən layihəyə uyğun olaraq rayon mərkəzindən 4 km aralıdan magistral su xətti çəkilib. Rayon mərkəzində 17 km su və 11 km kanalizasiya boruları yenilənib. Hazırda həmin xətlər sınaqdan keçirilir.

Çəkilən borularla yanaşı, 105 hündürmərtəbəli binada yaşayan 2 min abonentin mənzilinə ön ödəmə tipli smart kart sayğaclar da quraşdırılıb. Sayğaclar rayonun iqliminə uyğun olaraq 18-20 dərəcə soyuğa davamlıdır. 130 həyət evinə isə sayğacların quraşdırılması davam edir. Çirkab suların təmizlənməsi üçün isə 6 min kvmetr ərazidə 2 böyük qurğu inşa olunacaq. Bu kompleksdə çirkab sular həm mexaniki, həm də bioloji olaraq təmizlənəcək. Sutkada 3500 kub metr çirkab su təmizləndikdən sonra həmin sular bir başa Qoşqar çayına axıdılacaq.

İçməli su sarıdan əziyyət çəkən və kanalizasiyası olmayan daşkəsənlilər layihənin başa çatmasını səbirsizliklə gösləyirlər.

Daşkəsəndə içməli su və kanalizasiya ilə bağlı icra edilən layihə rayon əhalisinin 2035-ci ilə kimi artımı nəzərə alınaraq işlənib.