Gəncədə gənc müəllimlər üçün “Elektron təhsil” mövzusunda təlimlər təşkil olunub

17 2017 16:32

Şəhərin 45 məktəbinin 70-ə yaxın müəllimi 10 gün ərzində elektron təhsilin əhəmiyyəti, təhsilə tətbiqi və təcrübə zamanı ortaya çıxan problemlər barədə məlumatlandırılır.

Lamiyə Qasımova- iştirakçı: “Müasir şagirdi idarə etmək, əldə saxlamaq üçün, bilikləri tam şəkildə aşılamaq üçün mütləq onların marağını da nəzərə almaq lazımdır. Bu marağı elektron təhsil, elektron kitablar, elektron lövhə təmin edəcək”.

Təhsil Nazirliyinin araşdırmalarına görə, paytaxtda kommunikasiya texnologiyalarının son nailiyyətlərindən müəllimlərin istifadə səviyyəsi yüksək olsa da, bu göstərici regionlarda aşağıdır. Elə bunu nəzərə alaraq Gəncədə Elektron Təhsil layihəsinin 2-ci mərhələsinə başlanılıb.

Röyal Ağamirzadə- layihə rəhbəri: “Elektron təhsil 1 layihəsi çox uğurlu oldu. Bizə hətta başqa məktəblərdə keçirməklə bağlı təkliflər gəldi ki, təlim və seminarlar bizim məktəblərdə də keçirilsin. Bu da bizi vadar etdi ki, “Elekton təhsil 2” layihəsini edək. Gənclər fondu yenidən bu layihəni dəstəklədi. Maliyyə ayırdı. Məqsədimiz davam etsək gələcəkdə “Elektron təhsil 3” layihəsini həyata keçirmək istəyirik. Ümumilikdə İKT-nin təhsilə tətbiqi mövzusunda Gəncə şəhərində biz də bir töhfə vermək istəyirik”.

Şəhərin 4, 16 və 39 saylı orta məktəblərində keçirilən təlimlərdə iştirakçılara tədris etdikləri fənlərə müvafiq elektron resursların hazırlanması mövzusunda praktik məşğələ keçirilir. Elekton materiallar üzərində redaktə işi aparmaq barədə məlumatlar verilir.

Tofiq Sadıxov- Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşı: “Elektron resurs olduğu üçün bunların elektron statistikası olur bizdə. Respublika üzrə baxa bilirik ki, hansı şəhər və rayonlarda aktivlik var. Resurs 2014-cü ildən başlayaraq daha geniş vüsət alaraq paylaşılır. Bu günkü statistikaya görə Gəncə şəhəri ölkənin ən böyük ikinci şəhəri olmağına baxmayaraq bu statistikada geri qalır. Düşünürəm ki, bu təlimlər bizə kömək edəcək ki, Gəncə şəhərindəki statistikalar qalxsın və şagirdlər müəllimlər bundan daha faydalı istifadə edə bilsin”.

Mayın 19-da yekunlaşacaq təlimlərdə qənaətbəxş nəticə göstərənlərə sertifikatlar təqdim olunacaq.