“Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin 4-cü mərhələsinə start verilib

23 2017 16:54

Almaniyanın KfW bankının maliyyə dəstəyi ilə reallaşdırılan layihə şəhər əhalisinin 2035-ci ilə qədər artım tempinə hesablanıb. "Azərsu”nun sifarişi əsasında görülən işlər yerli və xarici podratçı şirkətlər tərəfindən həyata keçirilir.

Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına 1930-cu illərdən başlanıb. Hazırda şəhər əhalisinə cəmi 515 km su, 315 km kanalizasiya şəbəkələri xidmət göstərir. Bu xidmətdən isə əhalinin təxminən 50%-ə qədəri istifadə edə bilir. “Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin 1-ci mərhələsinə 2011-ci ildə start verilib. Bu mərhələdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, dörd min kub metr tutumu olan su anbarı tikilib, 25 km-ə yaxın magistral kəmər çəkilib. 2-ci mərhələdə isə Qızılqaya su mənbəyində bərpa və yenidənqurma işləri aparılıb, 4 km magistral kəmər, ümumi tutumu 12 min kub metr olan 3 su anbarı, 7 km anbarlar arası xətt inşa olunub. 28 km uzunluğunda Şəmkirçay – Gəncə magistral kəmərinin tikintisi başa çatıb. 3-cü mərhələdə isə 81 km içməli su xətti, 70 km kanalizasiya şəbəkəsi çəkilib, 119 çoxmərtəbəli yaşayış binasının su və kanalizasiya şəbəkəsi yenilənib, mənzillərə 7 mindən çox sayğac qurulub. 5 mərhələdən ibarət olan bu layihənin ardıcıl icrası Gəncə üçün böyük əhəmiyyətə malikdir.

Elmar Vəliyev- Gəncə şəhər İcra Hakimiyyətini başçısı: “3-cü mərhələnin 3 ay müddətinə başa çatdırılması danışıqlar əsasında təsdiqlənib və bunun əsasında 30-a yaxın iş gedən yerlərdə küçələr asfaltlanacaq. Bu da şəhər əhalisinin rahatlığına hesablanıb. 4-cü mərhələdə də qeyd olunduğu kimi 30 ay müddətinə vaxt nəzərdə tutulub. Çalışıb bu işləri 24 aya görüb tez qurtaracağıq ki, layihə başa çatsın. Əhalimiz su ilə təmin olunsun və kanalizasiya sistemindən istifadə edə bilsin”.

“Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin 4-cü mərhələsinə başlanması münasibətilə təməlqoyma keçirilib. İlk boru şəhərin Heydər Əliyev prospektində xəttə salınıb. 4-cü layihə çərçivəsində tutumu 5 min kub metr olan su anbarının, 195 km içməli su, 144 km kanalizasiya şəbəkələrinin, kollektor və mikrotunelin inşası nəzərdə tutulur. Məlumat üçün bildirək ki, bu 4-cü mərhələ layihədə ən böyük mərhələdir.

Anar Cəbrayıllı- “Azərsu”nun mətbuat xidmətinin rəhbəri: “Sonuncu mərhələdə Gəncə şəhərində, ətraf qəsəbələrdə şəbəkənini tikintisi və Samux rayonu ərazisində sutkalıq 120 min kub metr olan tullantı sutəmizləyici qurğunun inşası da planlaşdırılır. Bu qurğu Gəncə şəhərinin və Samux rayonunun tullantı sularını tam zərərsizləşdirəcək ki, bu da ekoloji mühitin qorunmasına xidmət edəcəkdir. Ümumiyyətlə, layihənin məqsədi odur ki, bu gün müxtəlif vasitələrlə su alanlar var, quyu və artezian sularından istifadə edənlər var, maşınlarla su alanlar var. Bunların hamısını kənarlaşdıraraq və sakinləri mərkəzləşdirilmiş qaydada içməli suyla təmin edək və 24 saat keyfiyyətli su verək”.
 

Bütün bunlar yaxın gələcəkdə 450 min şəhər sakininin su və kanalizasiya sisteminə olan ehtiyacını tam ödəməyə imkan verəcək. Bundan başqa abonentlərin mənzillərinə quraşdırılan su sayğacları sudan qənaətlə istifadəyə, həm də su pulunun yığımına müsbət təsir göstərəcək.