Gəncə Qarnizonunun Hərbi Orkestri məktəblilər qarşısında konsert proqramı ilə çıxış edib

26 2017 15:04

Şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsinə hədəflənən tədbirdə maraqlı anlar yaşanıb.

Qarabağ şikəstəsi səslənib, Azərbaycanın üç rəngli bayrağı dalğalanıb. Gəncə Qarnizonunun Hərbi Orkestri 28 may Respublika Günü ərəfəsində N. Nərimanov adına 25 nömrəli tam orta məktəbdə konsert proqramı ilə çıxış edib.

Rafiq Hacıyev- Hərbi Orkestrin rəhbəri, polkovnik-leytenant: “Biz Respublikanın əksər məktəblərində bu cür tədbirlər keçiririk. Bundan əvvəl 39 və 24 nömrəli tam orta məktəblərdə olmuşuq. Biz şagirdlərə vətənpərvərlik hissi aşılayırıq”.

Orkestr vətənpərvər mahnılar səsləndirərək, şagirdlərdə xoş ovqat yaradıb. Orkestrin incəsənət ustaları Azərbaycanın tanınmış bəstəkarlarının nota aldığı mahnıları da ifa ediblər.

Aytən Nəbiyeva- şagird: “Hərbi orkestrin bu gün burada çıxış etməsi bizi fərəhləndirir, sevindirir. Bu orkestrin qarşısında çıxış etmək də bizi sevindirir. Mən həqiqətən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

İlkin Məmmədov- şagird: “Bu mahnıları hərbi orkestrin ifasında eşitmək mənim üçün də şərəfdir. İnşallah belə bir tədbiri Şuşada Topxana meşəsində keçirərik”. 

Tədbirdə orta məktəbin şagirdləri də çıxış ediblər. Onlar orkestrin səsləndirdiyi musiqilərin sədaları altında addımlayıb, Azərbaycan, Vətən mövzularında şeirlər səsləndiriblər.