Şəmkirin daxilində dairəvi yol çəkilir

27 2017 13:05

Şəmkir rayonunda qəzalı vəziyyətdə olan yaşayış binaları restavrasiya edilir. Bərpa zamanı tarixi memarlıq üslubu saxlanılır. Bununla belə rayon daxilində dairəvi yolun çəkilişi də başa çatmaq üzrədir.

Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq Şəmkir rayonunun Dəllər qəsəbəsində qəzalı vəziyyətdə olan 6 ədəd ikimərtəbəli yaşayış binası əsaslı şəkildə yenidən qurulur. Sözügedən qəsəbədə və rayon mərkəzində bir körpələr evi və uşaq bağçası da müasir formada yenilənir. Şəmkir şəhərinin Məhəmməd Füzuli küçəsində 2, Rabitəçilər evində, 1 iki mərtəbəli çoxmənzilli bina yenilənib. Hazırda isə daxili imkanlar hesabına Əhməd Cavad küçəsində iş aparılır.

Ramiz Rəhimov- Şəmkir rayonunun baş memarı: “Şəmkir şəhərinin Əhməd küçəsində yerləşən 6 ikimərtəbəli çox mənzilli binalarda yenidən əsaslı təmir olunur. Binaların dam örtükləri dəyişdirilir binaların fasadları kommunikasiya xətləri tamamilə yeniləşdirilir”.

Restavrasiya işləri zamanı şəhərsalma və memarlıq normalarına cavab verməyən tikililər ləğv olunur. Əvəzində isə müasir görünüşə malik obyektlər inşa olunur. Bundan başqa Şəmkir rayonunda avtomobillərin təhlükəsiz hərəkətini  təmin etmək üçün dairəvi yol da çəkilir.

Ramiz Rəhimov- Şəmkir rayonunun baş memarı: “Əhməd Cavad küçəsində görülən işlər Səməd Vurğun küçəsindən ayrılan Şıxəli Qurbanov küçəsinədək davam etdiriləcək və Gədəbəy rayonuna çıxış üçün dairəvi yol çəkiləcək”.

Şəmkirin kənd və qəsəbələrində yerli icra nümayəndəliklər üçün daxili imkanlar hesabına inzibati binanın inşası da nəzərdə tutulub. İlkin olaraq Kür, Zəyəm və Çinarlı qəsəbələrində mövcud binaların əsaslı təmiri, Könüllü, Çaparlı, Aşağı və Yuxarı Seyfəli kəndlərində isə yeni binanın inşası üçün layihələr hazırlanıb.