Milli musiqi alətlərinin mahir ustası

07 2017 16:40

Adətən bir nəfər yalnız bir musiqi aləti düzəldir. Ancaq haqqında danışacağımız şəxs saz, tar, kamança, ud, kanon, skripka, türk sazı, gitara və tambur kimi simli musiqi alətlərinin mahir ustasıdır. Həm də onun bu alətlərdə ifa etmək bacarığı da var.

Haqqında danışacağımız Asif Quliyevin ixtisası tar ifaçısıdır. Ancaq usta hələ tar sinfini oxumamışdan qabaq doğulduğu Kəlbəcər rayonunda atasından sazı ifa etməyi, eləcə də bu aləti düzəltməyi öyrənib.

Kəlbəcərin adlı-sanlı el aşığı olan Əliş kişinin oğlu Asif Quliyev ilk dəfə bu musiqi alətini 14 yaşında düzəldib.

Asif Quliyev- usta: “İlk dəfə müəllimim atam olub və saz düzəltməklə başlamışam. Simli çalğı alətləri demək olar ki, bir-birinə bənzərdir, qohum alətlərdi. Sonra tar, skripka düzəltdim, ud düzəldirəm, sifarişçi olan kanon düzəldirəm. Həmçinin tambur düzəldirəm”.

Bu alətin adı tamburdur. Tambur türk xalqlarına məxsus qədimi bir alətdir, bu alətin yaşı bilinmir. Alətin özünə məxsus bir səsi də var. Bunu düzəltmək üçün Asif usta çalğı alətini Hindistanda bitən Maun ağacından, üz qabığını isə Türkiyədə bitən Laden ağacından istifadə edib. Usta bu aləti düzəltmək üçün 15 gün vaxt sərf edib.

Usta musiqi alətləri üçün istifadə etdiyi ağacları müxtəlif bölgələrimizdən tapsa da, xarici ölkələrdən sifariş etdiyi materiallar da var. 

Asif Quliyev- usta: “Mən musiqi alətləri ustası olduğum üçün məni sosial şəbəkələrdən görürlər. Məsələn, kimsə Yaponiyadan sədəf təklif edir, Hindistandan baxır. Avanoz deyilən ağac var, çox sərt ağacdır. Baxırlar təklif edirlər ki, məndə 300-500 il qurudulmuş ağac var. Onun da özünə məxsus qiymətləri var”.

Usta ən çox saz və tar alətini düzəltməyi sevir. Deyir bu alətlər daha yaxın və doğmadır. Sazı da, tarı da yalnız tut ağacından hazırlayır. Ancaq tarın qol hissəsində qoz ağacından istifadə olunur.

Asif Quliyev- usta: “Çalğı alətlərini Orta Asiyada yaşayan Azərbaycanlılarımız alır. Onların içərisində eləsi var ki, musiqiçidir, amma başqa işlə məşğuldular. Avropa da səfirliklərdə, xarici ölkələrdə qeyri- hökümət təşkilatların işçilərinə, Fransa səfirliyinə tar, saz düzəltmişəm. Xalq artisti Rəmişin gitaralarını həmişə mən düzəltmişəm, aşıq Mehdi Məsimov, xanımlardan aşıq Gözəl, tar ifaçılarından xalq artisti Fikrət Verdiyev gəlir təmir üçün demək olar ki, çoxdu”.

Ustanın vaxtı ilə  tələbələri olsa da yalnız indi bir arzu və istəyi var. Gələcəkdə simli musiqi alətlərinin istehsalı üçün fabrik açmaq və bu sənəti yaşatmaq.