Tovuzdan gətirdiyi narkotiki Gəncədə satmaq istəyən şəxs iş başında yaxalandı

10 2017 14:44

Tovuzdan gətirdiyi narkotiki Gəncədə satmaq istəyən şəxsin arzusu gözündə qalıb. Gəncə polisi onu külli miqdarda marixuananı satarkən yaxalayıb.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Asayiş keşikçiləri Kəpəz rayonu ərazisində şəhər sakini Arzu Qasımovu 9 kiloqrama yaxın qurudulmuş marixuananı 4 min manata şərti alıcıya satarkən saxlayıb.

Nadir Heydərov- müstəntiq: “Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət- Axtarış İdarəsinin əməkdaşlarına əməliyyat məlumatı daxil olub ki, Gəncə şəhər sakini 1986- cı il təvəllüdlü  Qasımov Arzu Məhərrəm oğlu narkotik vasitə hesab olunan marixuananın satışı ilə məşğul olur. Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Arzu Qasımov narkotik vasitə hesab olunan marixuananı satarkən yaxalanıb”.

Polis tərəfindən dindirilən Arzu Qasımov narkotik vasitəni Tovuz rayonundan satış məqsədi ilə gətirdiyini etiraf edib və əməlindən peşman olduğunu büruzə verib.  

Arzu Qasımov- saxlanılan şəxs: “Tovuz rayonunda işlədiyim sahədən götürmüşdüm. Gəncə şəhərində satdığım yerdə tutuldum. Əməlimdən çox peşmanam”.

Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Arzu Qasımov barəsində artıq həbs qətimkan tədbiri seçilib. Günahı sübuta yetirilərsə, o yenidən dəmir barmaqlıqlar arxasına göndəriləcək.