Gəncədə aparılan abadlıq işləri davam etdirilir

10 2017 14:45

Gəncədə şəhərinin görkəminin millilik qorunmaqla müasirləşdirilməsi istiqamətində işlər davam edir. Nizami prospekti, Rüzigar Qasımov küçəsində, Mirzə Şəfi Vazeh parkında və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə şəhərciyində təmir və yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Gəncənin mərkəzi prospektlərindən biri olan və nəqliyyatın daha çox intensiv hərəkət etdiyi Nizami prospektinin park-bulvar ərazisindən keçən hissəsində yol genişləndirilir. Məqsəd ərazidə avtomobillərin sıxlığını aradan qaldırmaq, piyadaların təhlükəsiz hərəkətini təmin etməkdir. Aparılan işlər çərçivəsində yolun sağ hissəsindəki iaşə və ticarət obyektləri müasir formada yenilənir.

Arif İsmayılov- şəhər sakini: “Əvvəllər bu ərazi çox darısqal idi. Gediş- gəliş çox çətin idi. Hətta burda bədbəxt hadisələr baş verirdi. İndi yollarımız genişlənir, ərazidə geniş abadlıq- quruculuq işləri aparılır. Yaxın zamanlarda da işlər yekunlaşacaq, çox razıyıq”.

Zümrüd Cavadova- şəhər sakini: “Aparılan işlər bir Gəncə sakini olaraq məni də çox sevindirir. Ona görə ki, yolların bu cür genişləndirilməsi, abadlaşması piyadaların, sürücülərin hərəkətinin rahatlığına şərait yaradır”.

Rüzigar Qasımov küçəsində də şəhərə estetik gözəllik verən işlər görülür. Şəhərin görkəminə kölgə salan yöndəmsiz tikililər sökülərək yerində müasir ticarət obyektləri tikilir, şəhidin adını daşıyan küçə abadlaşdırılır. Bununla yanaşı, Gülüstan qəsəbəsində Mirzə Şəfi Vazeh irsini və yaradıcılığının yaşadılması üçün salınan 1 hektarlıq parkda da tikinti- quruculuq işləri davam etdirilir. Parkın ərazisində şairin 2 mərtəbəli ev muzeyi inşa edilir, heykəli qoyulub, onun arxasında isə xüsusi kompazisiya yaradılıb. Görülən işlərin yaxın zamanlarda yekunlaşdırılması planlaşdırılır.

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə şəhərciyinin 2 korpusunun tikintisi də sürətlə davam etdirilir. 520 tələbə üçün nəzərdə tutulan binada son tamamlanma işləri aparılır. Tikilinin fasad hissəsində və daxilində tərtibat aparılır. Tələbə şəhərciyinin yaxınlığında 20 baş cins düyənin və 5 baş atın saxlanılması üçün də yerlər inşa olunub. Şəhərciyin 2017-2018 tədris ilində tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur.