Dolu və sel Hacıkənddə 114 evə ziyan vurub

21 2017 16:50

Ötən gün Qərb bölgəsinə yağan leysan yağışlar Gəncənin Hacıkənd qəsəbəsində dolu ilə əvəzlənib. Nəticədə qəsəbədəki evlərə, habelə şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Əməkdaşlarımız hadisə yerində olublar. 

Saat 17.00 radələrində başlayan dolu güclü küləklə müşahidə olunub. Təqribən 10-15 dəqiqə davam edən yağıntıdan geriyə ziyan görmüş yerlər qalıb. Qəsəbədə olan 126 evdən 114-nün dam örtüyü tamamilə və ya qismən zədələnib. Əksər evlərin pəncərələrinin şüşələri sınıb, bəzi tikililərin zirzəmisinə yağış suyu dolub. Damı zədələndiyindən evlərin daxilinə də ziyan dəyib. Tavandan axan su ev əşyalarını, yorğan-döşəyi, döşəməni yararsız hala salıb.

Miryusif Seyidov – Hacıkənd qəsəbəsi sakini: “Evimizi-eşiyimizi görürsüz nə gündədir. Evin pəncərələridir, tavanıdır qırılıb, dağılıb. Televizorumuz məhv olub, gedib”.

Fərdi təsərrüfatlara, habelə sosial obyektlərə də xeyli ziyan dəyib. 15-dək avtomobil zədələnib.

Mikayıl Zeynalov – Gəncə Şəhər İcra Hakimiyyətinin təsərrüfat işləri üzrə müavini: “Həmçinin Gəncə-Göygöl yolunun Hacıkənd hissəsinin müəyyən yerlərində sel sularının səbəb olduğu sürüşmə nəticəsində istinad divarları uçub. Eyni zamanda yolun asfalt hissəsi də yararsız hala düşüb”.

Dolunun bu qədər çox fəsad törətməsinin əsas səbəbi də onun ölçüsüdür. Diametri 3 santimetrə çatan dolu qəsəbə sakinlərini də heyrətləndirib.

Xavər Məmmədəliyeva - Hacıkənd qəsəbə sakini: “Belə fəlakət hələ olmayıb, indiyə kimi belə dolu yağmayıb bura. Bütün evlər ziyan çəkib. Mənim evim də həmçinin”.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə olub, təbii fəlakətdən zərər çəkən evlərə baxış keçirib. Daha sonra sakinlərlə görüşən Şəhər İcra Hakimiyyətinin başçısı təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq qurumlara göstərişlərini verib.

Mikayıl Zeynalov – Gəncə Şəhər İcra Hakimiyyətinin təsərrüfat işləri üzrə müavini: “FHN əməkdaşları ilə birlikdə komissiya yaradılıb. Komissiya evlərə baxış keçirir. Bütün evlərə dəyən ziyan aktlaşdırılır və tezliklə bütün fəsadlar aradan qaldırılacaq”.

Eyni vəziyyətin gələcəkdə də yaşanmaması üçün yararsız hala düşən kirəmit dam örtükləri metal olanlarla əvəzlənəcək.