Goranboy və Daşkəsəndə narkoplantasiya aşkarlandı

29 2017 12:40

Polis narkotik tərkibli bitkilərin məhv olunması istiqamətində tədbirlərini bayram günlərində də davam etdirib. Goranboy və Daşkəsən rayonlarında narkoplantasiya aşkarlanıb. Yabanı halda bitən çətənə kolları yandırılaraq məhv edilib.

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonunun Mənəş kəndi ərazisində yaşayış olmayan sahədə yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlayıblar. Daxili İşlər Nazirliyinin “Xaş-xaş” 2017 tədbirlər planı çərçivəsində keçirilən əməliyyat zamanı hündürlüyü 2-2,5 metr olan, ümumi çəkisi 2800 kiloqram çətənə kolu zərərsizləşdirilib.

Ramin Şükürov- baş təhqiqatçı: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Xaş-xaş 2017” tədbirlər planına uyğun olaraq Xocalı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində Goranboy rayonu Mənəş kəndi ərazisində 1 hektar ərazidə yabanı halda bitən çətənə kolları aşkarlanıb. Həmin narkotik tərkibli bitkilər aqronom mütəxəssislərin iştirakı ilə yaşıl kütlə şəklində bir yerə toplanaraq yandırılma yolu ilə məhv edilib”.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları da "Xaş-xaş 2017" adı altında növbəti əməliyyatı həyata keçiriblər. Bu dəfə rayonun Dəstəfur kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. 1,8 hektardan artıq ərazidən ümumi çəkisi 1500 kiloqrama yaxın hündürlüyü 1,5-2 metr təşkil edən 5350 ədəd çətənə kolu toplanıb. Yerli aqronomların iştirakı ilə çətənə kolları bir yerə yığılaraq yandırılıb.

Qabil Qurbanov- bölmə rəisi: “Rayonun Dəstəfur kəndi ərazisində tərkibində narkotik vasitələr olan bitkilərin yetişib yayılması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin yerdə mövcud olan narkotik tərkibli bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib”.

Polis əməkdaşları "Xaş-xaş 2017" şərti adı altında tədbirlərini davam etdirirlər.