Gəncədə taksi sürücülərinə qarşı növbəti reyd keçirilib

30 2017 16:19

Gəncədə ilin əvvəlindən indiyə kimi keçirilən reyd zamanı qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan 1300 sürücü fərqlənmə nişanı almağa məcbur edilib. Bu gün də qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar hədəfdə olub. Qanunun tələblərinə əməl etməyənlər inzibati qaydada məsuliyyətə cəlb edilib. 

“Saxla” əmrinə məhəl qoymur və avtomobilini sürüb qaçır. Taksi fəaliyyəti ilə məşğul olmadığını sübut etmək üçün müxtəlif bəhanələr gətirir. Görüntülər Gəncənin Nizami prospektində qeyri- qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı keçirilən reyddəndir.

Elmar Əhmədov- Gəncə şəhər İcra Hakimiyyəti Yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin sektor müdiri: “Çoxlarının VÖEN-ləri yoxdu. Olan da deyir VÖEN-i bağlatmışıq. Hər bir fiziki və hüquqi şəxs Vergilər İdarəsinə ərizə yazıb, VÖEN almalıdır. Əksəriyyəti də fərqlənmə nişanı almaqdan yayınırlar. Maşının üzərindən şahmatı götürür, deyir biz taksi fəaliyyəti ilə məşğul olmuruq”.

Gün ərzində Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin keçirdiyi reyddə 15 taksi sürücüsünün qanunu pozduğu fakt olaraq aşkarlanıb.

 Faxrəddin Novruzov- sürücü: “Alacam. Bu gün səhər gəlmişdilər. Dedim, gətirib verəcəm”.

İmran Mehdiyev- sürücü: “Əlbəttə alacam. Qayda-qanuna əməl etmək lazımdır. Bu gün, ya da sabah alacam. Yas yerindən gəlirdim”.

Gəncədə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücü 13 manat 50 qəpik dövlət rüsumu ödəyib fərqlənmə nişanı ala bilər. Şəhərdə 850-ə yaxın taksi sürücüsü var ki, onlardan da hər ay 200-ə yaxını fərqlənmə nişanı alır.