Gəncədə gənc bloqqerlər üçün yay məktəbi başlayıb

24 2017 17:06

“İslahatçı Gənclər” İB-nin təşkilatçılığı, YAP Gəncə şəhər təşkilatının dəstəyi ilə Gəncədə “Gənc bloggerlər məktəbi” layihəsinin icrasına başlanılıb. 100-ə yaxın gəncin qatıldığı layihə internet mediaya ilə bağlı yüksək biliklərə sahib, onun imkanlarından milli maraqlar üçün istifadəyə hazır olan gənclərin hazırlanmasını hədəfləyir. Layihə çərçivəsində Bakıdan dəvət olunan internet-media üzrə eksperlər gənclərə sosial şəbəkələr, bloqçuluq, bloqçuluğun əhəmiyyəti, habelə, onun informasiya savaşındakı rolu haqqında söhbətlər aparacaqlar.

Əfsələdin Ağalarov - təlimçi: “Bloqların açılması, onun texniki tərəfləri, sosial mediadan istifadə qaydaları, informasiya savaşında sosial medianı hansı cəhətdən istifadə etmək olar, hansı formada istifadə etmək olar, bunun strateji tərəfləri haqqında məlumatlar verməyə çalışacağıq. Düşünürəm ki, həm texniki, həm praktik, həm də nəzəri tərəfdən gənclərimiz üçün çox lazımlı və verimli bir təlim olacaq”.

Fərid Şahbazlı - “İslahatçı Gənclər” İB-nin sədri: “Bu təlimin sonunda isə biz düşünürük ki, artıq sosial şəbəkələrdən, internet mediadan aktiv şəkildə istifadə edə bilən, bu sahəni professional şəkildə öyrənən gənclərdən ibarət bir aktiv qrup yaradaq. Bu qrupda olan gənclər həm Gəncə şəhərinin təbliği ilə bağlı, həm ümumiyyətlə Azərbaycanın dünyada təbliği ilə bağlı internet medianın, informasiya texnologiyalarının sosial şəbəkələrin verdiyi imkanlardan faydalansınlar”.


Gülnar Fazilqızı