Avropa çempionatı öncəsi hazırlıq çərçivəsində milli komandamız ikinci test oyununu keçirib

26 2017 15:57

Yığmamız bu dəfə qitə yarışının 1 qrupunun görüşlərini qəbul edəcək Göygöl Olimpiya İdman Kompleksində meydana çıxıb. Komandamız ilk test görüşünü Bakıda keçirib. Paytaxtda olduğu kimi Göygölə təsadüf edən bu qarşılaşmada da seçmə komandamız öz aralarında bölüşərək qarşı-qarşıya oynayıblar. Belədə tərəflərdən biri Azərbaycan, biri isə simvolik olaraq Türkiyə millisini təmsil edib. Görüşdə yığmamızın əsas heyətinin üzvlərindən bir neçəsi meydanda olub. 3 setdən ibarət oyunda Azərbaycan komandası 2:1 hesabıyla qalib gəlib.

Emin Əbilov -  milli komandanın məşqçisi: “Bizim qarşıda iki ay vaxtımız var. Avropa çempionatı sentyabrın 22-si başlayacaq. Çalışacağıq ki, bu 2 ay ərzində bütün boşluqları, çatışmayan cəhətləri aradan qaldıraq və qitə yarışında yaxşı çıxış edək.”

Ayşən Əbdüləzimova – milli komandanın üzvü: “Bu günkü oyunla bağlı onu deyə bilərəm ki, doğurdan da hər şey Avropa səviyyəsindədi. Həm zalın quruluşu, həm kameralar, həm çelenclər gözlədiyimizdən də artıq oldu. Komandamız bacardığımız qədər  maksimum nəticə göstərməyə çalışacaq. İlk növbədə doğma azarkeşlər qarşısında öz vətənimizdə oynayırıq. Onlardan dəstək gözləyirik. İnşallah onları peşman etmərik.”

Test oyunu zamanı arenaya baxış da keçirilib. Avropa Voleybol Konfederasiyasının nümayəndələri “çelenc” sisteminin işləməsini, işıqlandırmanı və digər məsələləri yoxlayıblar.


Zöhrab Gözəlbəyli – Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru: “Avropa Voleybol Konfederasiyasının rəhbərliyi burdadır. Onlar da öz fikirləri bildirəcəklər. Həm Avropa Voleybol Konfederasiyasının, həm də Azərbaycan Voleybol Federasiyasının istəyi odur ki, bu yarış ən yüksək səviyyədə keçirilsin.”

Avropa Çempionatının Göygöldə reallaşacaq oyunlarından əvvəl bu regionda bir sıra maraqlı tədbirlərin təşkil edilməsi də nəzərdə tutulub.

Zöhrab Gözəlbəyli – Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru: “Böyük voleybol festivalları olacaq. Həmin festivallara məktəblilər, tələbələr qatılacaqlar. O tədbirlərdə görəcəklər ki, voleybol nədir, qaydaları necədir, necə oynanılır bunları öyrənəcəklər. Yığmamızın qabaqcıl oyunçuları da o festivallara gələcəklər.”

Göygöl Olimpiya İdman Kompleksində qitə yarışının D qrupunun görüşləri keçiriləcək. Bu qrupda Hollandiya, Belçika, Serbiya və Çexiya yığmaları mübarizə aparacaq. 


Orxan Cəfərzadə