Zəncirvari qəzada bir nəfər yaralandı

05 2017 17:09

Sürücü avtomobilinə yanacaq doldurmaq üçün getdi, idarəetmədən çıxan başqa bir maşın isə həmin nəqliyyat vasitəsinə çırpıldı. Amma təəssüf ki, hadisə bununla yekunlaşmayıb. Zəncirvari qəzada xəsarət alan var. Paytaxtda baş verən digər yol-nəqliyyat hadisəsində isə piyada vurulub.

Sabunçu rayonunda zəncirvari yol qəzası baş verib. Hadisə Aeroport şosesində qeydə alınıb. Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin yanacağı bitib. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb. Bu vaxt arxadan gələn 26 yaşlı Tərlan Kazımov idarə etdiyi “KİA” markalı avtomobili yolda hərəkətsiz dayanan “Mercedes”ə çırpıb, ardınca isə taksi sürücüsü idarəetməni itirərək maşını “KİA”-ya çırpıb. Hadisə zamanı “KİA”-nın sürücüsü Tərlan Kazımov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Daha bir qəza rayonun Zabrat qəsəbəsi ərazisində olub. Şəhər istiqamətində hərəkətdə olan QAZ-3110 markalı avtomobilin qarşısına qəfil piyada çıxıb. İdarəetməni itirən sürücü piyadanı vurub. Daha sonra sürücü hadisə yerinə təcili tibbi yardım çağırıb. Yaralı xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.