“Kəpəz” ikinci dövrəyə məğlubiyyətlə başladı

11 2019 13:08

Futbol üzrə I Divizionda 14-cü tura yekun vurulub. Hesabat turunun son oyun günündə “Kəpəz” Gəncə şəhər stadionunda MOİK-i qəbul edib.

Çempionatın liderlərindən olan rəqibə qarşı görüşdə “sarı-göylər” doğma meydan və azarkeş amilindən istifadə edərək ikinci dövrənin startında əlverişli nəticə qazanmaq istəyində olub. Oyunun əvvəllərində ev sahibləri hesabı açmaq üçün bir neçə qol imkanı yaradıblar. Amma bütün hallarda son zərbələr hədəfə çatmayıb. Əvəzində qonaqlar ələ düşən fürsəti lazımınca dəyərləndirib hesabı öz xeyirlərinə dəyişiblər. İlk yarımsaatın tamamında təşkil olunan hücumu Raul Yaqubzadə dəqiq zərbə ilə tamamlayıb. Bundan sonra “Kəpəz” hesabı bərabərləşdirmək üçün irəli atılıb. Epizodların birində Eltac Mirzəyev topu tora göndərsə də, hakim oyundan kənar vəziyyət qeydə alaraq qolu keçərli saymayıb. Daha bir vəziyyətdə isə cərimə zərbəsindən göndərilən top çərçivədən az fərqlə yan ötüb. MOİK futbolçuları hissənin sonlarına yaxın hesabı atrımağa yaxın olublar. Amma gəncəlilərin qapıçısı Novruz Rəhimov komandasını qoldan xilas edib. Bununla belə, ikinci hissədə təcrübəli qapıçı müdafiə xəttinin zəif oyunu sığortalaya bilməyib. Hərbçilər iki dəqiqə aralığında eyni sayda fərqləniblər. Hər iki halda Raul Yaqubzadə adını protokola yazdırıb. Hücumçu het-trik müəllifi olub. Kəpəz 0 MOİK 3 . Bu nəticəylə sonuncular turnir cədvəlində 2-ci, ev sahibləri isə 12-ci mövqeyini qoruyub. 

Azad Rəfi