Goranboy taxıl sahələrində mübarizə tədbirlərinin vaxtında aparılmaması məhsuldarlığı azaldıb

20 2017 13:41

Aqrar rayon olan Goranboyda bu ilki mövsüm ili üçün 18 min hektardan çox ərazidə dənli bitkilərin əkilməsi aparılıb ki, bunlardan da 16 min 744 hektarı payızlıq sayılır. Bir neçə aydan sonra start veriləcək biçindən bol məhsul əldə etmək üçün sahələrdə təsərrüfat işləri demək olar ki, başa çatdırılıb. Fermerlər hər hektardan 30-35 sentner məhsul proqnozlaşdırsa da bəzi sahələrə bu rəqəmi şamil etmək olmaz. Səbəb isə dərmanlama və digər mübarizə tədbirlərinin vaxtında aparılmamasıdır.

Strateji məhsul sayılan taxılın normal inkişafını, vaxtında suvarılmasını, gəmiricilərdən və zərərvericilərdən qorunmasını, eləcə də müxtəlif alaq otlarına qarşı mübarizə tədbirlərini aparmaq üçün fermerlərə lazım olan dərman preparatları və herbisitlər güzəştli şərtlərlə verilib. Goranboy rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, sahələrdə bioloji tədbirlərin aparılması üçün 8 çiləyiçi texnika fermerlərin ixtiyarında olub.

Yaqub Tanrıverdiyev- Goranboy Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini: “Topçup, diamin, amin duzu preparatları fermerlərin müraciəti əsasında verilib. Aqrolizinq və fiziki şəxslər tərəfindən sahələrdə bu dərmanların səpini aparılaraq, mübarizə tədbirləri başa çatıb”.

Hər hektara 100 kiloqram gübrə verməklə taxıl sahəsində məhsuldarlığı yüksəltmək niyyətində olan fermer Sırəddin Əliyev əkin dövriyyəsi zamanı bütün aqrotexniki qaydalara əməl etdiyini bildirib. Odur ki, fermerin taxıl sahəsində alaq otlarına, zərərvericilərə rast gəlinmir.

Sırəddin Əliyev- fermer: “Mənim 20 hektar əkin sahəm var. Keçən il arpayla, taxıl əkmişdim 10 hektarında. Bu il də o qədər əkmişəm. Keçən il hər hektardan 35 sentnerlə götürmüşdüm məhsulu, bu il bundan da artıq rəqəmlə götürməyi planlaşdırmışam”.

Fermer Sırəddin Əliyevdən fərqli olaraq bəzi təsərrüfatların aqrotexniki qaydalara əməl etməməsi çəkilən zəhmətin hədər getməsinə səbəb ola bilər. Belə ki, turpək çiçəyinin sahələrdə kütləvi genişlənməsi dənli bitkilərin inkişafına öz mənfi təsirini göstərir. Goranboy rayon İH-nin baş məsləhətçisi Yasin Məmmədov isə mövcud vəziyyətin məhsudarlığa o qədər də təsir etməyəcəyini açıqlayıb.

Yasin Məmmədov- Goranboy rayon İH-nin baş məsləhətçisi: “Cari ildə 18 min hektarda taxıl bitkisi əkilib. Hal-hazırda sahələrdə lazımi aqrotexniki qulluq işləri aparılmış, gübrələmə, alaq otlarına qarşı mübarizə, gəmiricilərə qarşı kimyəvi dərmanlama optimal müddətdə başa çatıb. Buna görə də rayon ərazisində taxıl sahələrində bol məhsul götürməyə zəmin yaradıb”.

Goranboyda əkilən taxıl bitkisi hazırda sünbülləmə dövrünü yaşayır. Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, sahələr aqrotexniki işlər tam olaraq başa çatdırılıb. Ancaq buna baxmayaraq 300 hektar sahə alaq otları ilə sirayətlənmiş ərazi hesab olunur. Bu da gələcək məhsuldarlığa öz mənfi təsirini göstərəcək. Xatırladaq ki, Goranboy rayonu ərazisində əkib-becərilən dənli bitkilər daxili tələbatın 50%-ni ödəyir.